Zahid Xəlil 1942-ci il mart ayının 20-də Yevlax şəhərində anadan olub. 1959-1965-ci illərdə ADU-nun (indiki BDU) Filologiya fakültəsinin Jurnalistika şöbəsində təhsil alıb. 1965-1966-cı illərdə müxtəlif qəzetlərdə ədəbi işçi və məsul katib vəzifələrində işləyib. 1966-cı ildə “Gənc müəllim” qəzetinin redaktoru təyin olunub. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2002-ci ildə “Qızıl qələm” mükafatı laureatı adına layiq görülüb. “Vətənim” adlı ilk şeiri 1958-ci ildə “Yeni Yevlax” qəzetində çap olunub. 1982-ci ildə “Literaturnaya qazeta”da dərc olunan “Kölələr” və “Limonad içməyim” hekayələrinə görə redaksiyanın “Zolotoy telyonok” mükafatına layiq görülüb. Uşaq yazıçısı kimi tanınır. Uşaq ədəbiyyatını tədqiq edən Beynəlxalq Cəmiyyətin Moskvada keçirilən simpoziumunda (1981), Praqada keçirilən “Məktəbəqədər yaşlı uşaqlar üçün ədəbiyyat” adlanan ümumittifaq konfranslarında iştirak edib. Keçmiş SSRİ Dövlətnəşrkomun və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı Şurasının üzvü olub.
Zahid Xəlilin yaddaqalan əsərləri və personajları, bir-birindən maraqlı hekayə və nağılları həmişə balaca oxucular tərəfindən maraqla qarşılanıb. O, bu gün də yazır, yeni hekayə və nağılları ilə uşaqları sevindirir. Zahid Xəlilin bu günədək “Uçan çıraqlar” (1969), “Qarışqalar” (1971), “Göydən üç alma düşdü” (1974), “Torağaylar oxuyur” (1979), “Ballıca” (1981), “Çıraq nənənin nağılları” (1983), “Cırtdanla Azmanın yeni macəraları” (1985), “Odlar yurdunun paytaxtı” (1992), “Dünyanın ən balaca nağılları” (2002), “Göyqurşağı”, “Ağ leyləklər”, “Çınqı” və s. onlarla povest, nağıl və hekayə kitabları on minlərlə nüsxə çap olunub. Kitabları rus dilinə tərcümə edilib milyonlarla tirajla nəşr olunub. 2016-cı ildə çap olunan “Ağ leyləklər” kitabı “Qızıl kəlmə” mükafatına layiq görülüb.