Əziz Sultan 1978-ci ildə Şəkidə anadan olub. 1995-2000-ci illərdə İstanbul Universitetinin Siyasal Bilgilər fakültəsində təhsil alıb.
İlk şeiri 1993-cü ildə Türkiyədə “Altın çocuk” uşaq jurnalında nəşr olunub. İlk yazısı isə tələbə yoldaşları ilə birgə çıxartdıqları “Şəhriyar” jurnalında 1996-cı ildə nəşr olunub. Bundan sonrakı illərdə “Uğur”, “İrfan”, “Təbəssüm” kimi jurnallarda və bir çox internet saytlarında zaman-zaman hekayə və şeirləri işıq üzü görüb.
Əziz Sultanın ilk kitabı övladlarına nəsihət məqsədi ilə qələmə aldığı “Adəmin yuxusu” (2013) və “Ən gözəl hədiyyə” (2013) kitabları olub. Sonrakı illərdə “Xəzinə” (2014), “Sehrli sandıq” (2015), “Vətən çağıranda” (2017), “Hekayələrlə hikmətlər” (2017), “Qarışqa uşaq” (2019) kimi nağıl, hekayə və fantastik janrda macəra kitabları nəşr olunub. Müəllif həmçinin tarixi şəxsiyyətlərin gənc nəsillərə tanıdılması məqsədi ilə qələmə aldığı “Seyid Yəhya Bakuvi” (2017), “Qardaşlıq dastanı və Nuru paşa” (2018), “Bakıdakı son osmanlı – Novruz baba” (2019) kimi əsərlərin də müəllifidir.
İnternetdə yayımlanan “Deyer.tv” kanalında 2016-2018-ci illərdə “Uşaq dünyası” proqramının aparıcısı olan Əziz Sultan eyni zamanda “Səadət” və “Tərəqqi” uşaq təlim mərkəzlərində uzun illər uşaqlarla təlim-tərbiyə mövzusunda məşğələlər keçmişdir. “Kitab tutan balaca əllər”, “100 illik əmanət”, “Kitabın işığın olsun”, “Hərb tariximiz” kimi bir çox layihə və müsabiqələrdə uğurla iştirak etmişdir.
Uzun illər “İpəkyolu” nəşriyyatında işləyən Əziz Sultan 2016-cı ildən bəri “İrfan” jurnalının redaksiya heyətində yer alır və jurnalın məsul katibidir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür.