(1840-1928)
Tomas Hardi 1840-cı ildə İngiltərənin Dorçester kəndində dülgər ailəsində dünyaya gəlmişdir. İlk təhsilinə bir kənd məktəbində yiyələnmiş, daha sonra Dorçesterdəki bir məktəbdə oxumuşdur. Gənclik illərində latın və yunan klassiklərini mütaliə edən Hardi Dorçesterdə yeni açılan akademiyaya daxil olmuşdur.
Uşaqlığından şeir yazan Hardi sonradan roman janrına üstünlük vermiş
və ilk romanı olan “Yoxsul adam və xanım" əsərini 1868-ci ildə tamamlamışdır. Lakin tənqidi üslubuna görə əsəri nəşr etdirə bilməyib. T.Hardinin nəşr olunan ilk kitabı “Ümidsiz çarələr” romanıdır. Kitab 1871-ci ildə imzasız işıq üzü görmüşdür. Bundan sonra onun “Dəfnə ağacı altında” kitabı çap olunmuşdur.
T.Hardi əsərlərində iti müşahidə qabiliyyəti, incə yumoru və həssas izahatı
ilə fərqlənir. Bununla yanaşı, o bəzi romanlarında doğulub-böyüdüyü Dorset bölgəsinin təbiətini və insanlarını təsvir edir. Hardinin bir jurnalda imzasız çap etdirdiyi “Çılğın izdihamdan uzaq” adlı əsəri böyük maraq
doğurduqdan sonra o, ömrünü ədəbiyyata həsr edib. 1878-1895-ci illərdə
yazdığı “Yuvaya dönüş”, “Tess” və “Üsyankar qəlblər” romanları ilə məşhurlaşıb.
“Qərbi Poleydəki macəramız” romanı T.Hardinin uşaqlar üçün qələmə
aldığı yeganə əsərdir. Hardi böyük romanlarının izlərini daşıyan bu əsərini
1893-cü ildə yazmışdır.
Tomas Hardi müasir ingilis romanının qurucularından sayılır. O, 11
yanvar 1928-ci ildə Dorsetdə vəfat etmişdir.