1928-1992
Azərbaycan ədəbiyyatında fantastika janrının görkəmli nümayəndəsi, nasir Namiq Abdullayev 1928-ci il martın 3-də Xızı rayonundakı Darzarat kəndində (indiki Siyəzən rayonu) anadan olmuşdur. Orta məktəbi qurtardıqdan sonra Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun ingilis dili fakültəsində təhsilini davam etdirmişdir.
Siyəzən şəhərindəki C.Cabbarlı adına məktəbdə ingilis dili müəllimi işləmişdir (1952-1960). Bakıda Uşaq və Gənclər nəşriyyatında redaktor (1960-1961), Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində redaktor, böyük redaktor, baş redaktor vəzifələrində çalışmış (1961-1988), daha sonra təqaüdə çıxmış və bədii yaradıcılıqla məşğul olmuşdur.
Namiq Abdullayev ədəbi fəaliyyətə ötən əsrin 50-ci illərindən başlamışdır. O, uşaqlar üçün elmi-fantastik mövzuda bir sıra maraqlı hekayə və povestlər yazmışdır. Onun fantastik hekayələri, povest və nağılları "Göyərçin", "Pioner" jurnallarında, "Azərbaycan pioneri", "Ədəbiyyat və incəsənət" qəzetlərində çap edilmişdir. "Sehrli oğlan" (1960), "İtirilmiş dünya" (1962), "Balaca Kiberin macəraları" (1966), "Gecələr uzanaydı" (1980), "Piyada vəzirə çevrilir" (1987) kitabları kütləvi tirajla nəşr olunmuşdur.
Namiq Abdullayev 1992-ci il sentyabrın 22-də vəfat etmişdir.