“Libra kitab” nəşriyyatı Boloniya Beynəlxalq Uşaq Kitabları Sərgisində📚
Boloniya Uşaq Kitabları Sərgisi uşaq kitabları sahəsində 80-ə yaxın ölkədən 1400-dən çox sektor nümayəndəsinə və 30.000-ə yaxın iştirakçıya ev sahibliyi edən dünya səviyyəli peşəkar tədbirlərdən biridir.
Boloniya Uşaq Kitabları Sərgisi 59 illik təcrübəsi sayəsində unikal və rəngarəng qlobal auditoriyanı bir araya gətirməyə müvəffəq olmuş, kitab sahəsinin aparıcı tədbirinə çevrilmişdir. Uşaq kitabları, illüstrasiya, animasiya və digər yaxın sahələrdə cari multimedia və lisenziya bizneslərini də əhatə edən bu sərgi dünyanın müəllif hüquqları mübadiləsi mərkəzidir.
Naşirlər, illüstratorlar, qrafik dizaynerlər, ədəbi agentlər, müəlliflər, tərcüməçilər, mobil tərtibatçılar, lisenziya sahibləri, kitab satışı mütəxəssisləri, brendlər və kitabxanaçılar kitab dünyasında baş verən yeniliklərlə tanış olmaq və təcrübə mübadiləsi aparmaq üçün hər yaz bu tədbirə axın edir, məhsullarını altı nəhəng salonda qoyulmuş minlərlə stenddə nümayiş etdirirlər.
Dünyada tanınmış illüstratorların sərgisi və hər il sahiblərinə təqdim edilən BolognaRagazzi mükafatları bu tədbirin spesifik cəhətlərindəndir. Boloniya Uşaq Kitabları Sərgisi minlərlə kitabların nümayişinin, uşaqlar üçün bütün növ ədəbiyyatların və vəsaitlərin, həmçinin beynəlxalq biznes əlaqələrinin unikal qovşağıdır.
“Libra kitab” nəşriyyatının ilk dəfə qatıldığı və xüsusi qonaq qismində iştirak etdiyi Boloniya Uşaq Kitabları Sərgisində 20-dən çox nəşriyyatla görüşlər təyin olunmuş, müxtəlif ölkələrin təmsilçiləri ilə əməkdaşlıq görüşləri keçirilmişdir. Dünyanın hər yerindən gələn nəşriyyat evləri ilə keçirilən görüşlərdə yüzlərlə kitabla yaxından tanış olub məlumat əldə edilmiş, bu kitabların ölkəmizdə tərcüməsi və çapı istiqamətində danışıqlar aparılmışdır. Minlərlə təmsilçinin iştirakı ilə keçirilən sərgidə ölkəmizi məhz “Libra kitab” nəşriyyat evi təmsil etmişdir.
Baxış sayı : 1044