Kristin Oudmayer 1973-cü il noyabrın 26-da Norveçdə anadan olub.
Oudmayer uzun illər bullinq haqqında debatlarda, bullinqə qarşı təbliğat kampaniyalarında fəal iştirak etmiş və ölkənin müxtəlif yerlərində seminarlar vermişdir. Onun “Mən buna layiqəmmi? Bullinq, ümid və məsuliyyət haqqında” kitabı 2010-cu ildə çap edilmişdir. Bu kitab bullinq qurbanlarından toplanmış real hekayələr əsasında ərsəyə gəlmişdir. Birinci kitabı maraqla qarşılandığından müəllif ikinci kitabını da məhz uşaq və yeniyetmələrin kabusuna çevrilmiş bullinqə həsr etmişdir.
Kitabda bullinqin qarşısını almaq və onun nəticələrini aradan qaldırmaq üçün praktik tövsiyələr də öz əksini tapmışdır. Müəllif kitabın ərsəyə gəlməsində yalnız bir mütəxəssis kimi deyil, eyni zamanda, bir ana kimi öz təcrübələrindən yararlanmışdır.
Yazıçının 2017-ci ildə nəşr edilmiş üçüncü kitabı isə “Bullinq haqqında. Maraqlandığınız, lakin soruşmağa cəsarət etmədiyiniz hər şey” adlanır. Oudmayer hal-hazırda UNICEF-in Norveç nümayəndəliyində “Uşaq hüquqları və davamlılıq” şöbəsinin müdiri vəzifəsində çalışır.